Yunanıstan və Azərbaycan idman sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi, o cümlədən milli federasiyaların üzvlərinin təlimi və hazırlığı sahəsində birgə işin davam etdirilməsi ilə bağlı razılığa gəlib.
Tvit.az-ın Yunanıstanın Azərbaycandakı səfirliyinə istinadən verdiyi məlumata görə, bu barədə səfir Mariya Papakonstantinunun Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) nümayəndələri ilə görüşünün yekunlarına əsasən məlum olub.
Görüşdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev və beynəlxalq əlaqələr şöbəsinin müdiri Anar Bağırov iştirak ediblər.
Görüş zamanı Olimpiya Oyunlarının yaranmasında və olimpiya dəyərlərinin təşviqində Yunanıstanın tarixi rolu nəzərə alınmaqla, iki ölkənin Olimpiya komitələri arasında əməkdaşlığın inkişafı müzakirə olunub.
Tərəflər, həmçinin Azərbaycan və Yunanıstanın idman obyektlərində milli federasiyaların üzvlərinin hazırlığı ilə bağlı razılığa gəliblər.