Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ digər Qatlanan iPhone əvvəlcə yalnız ABŞ-da satışa çıxarıla bilər
digər

Qatlanan iPhone əvvəlcə yalnız ABŞ-da satışa çıxarıla bilər

14-08-2026 22:00 12 Baxış
IMG

Apple-ın çoxdan gözlənilən ilk qatlanan iPhone modelini gələn ay keçiriləcək təqdimat tədbirində nümayiş etdirəcəyi gözlənilir. Şirkətin bu cihazı “iPhone Ultra” adlandıracağı iddia olunur.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, qatlanan iPhone ilə bağlı yeni məlumatlar isə cihazın ilk mərhələdə qlobal satışa çıxarılmayacağını göstərir.

 

Avstraliyanın ChannelNews saytının yerli operatorlar və böyük pərakəndə satış şirkətindən əldə etdiyi məlumata görə, Apple-ın ilk qatlanan smartfonu iPhone 18 Pro seriyası ilə birlikdə təqdim ediləcək. Lakin cihaz ilkin mərhələdə yalnız ABŞ bazarında satışa çıxarılacaq.

 

İddialara əsasən, Apple daha sonra, təxminən 2-3 ay ərzində telefonu Çin və digər əsas bazarlara təqdim edəcək. Şirkətin daha əvvəl Vision Pro ilə oxşar strategiyadan istifadə etdiyi bildirilir. Apple 2024-cü ildə bu cihazı əvvəlcə yalnız ABŞ-da satışa çıxarmış, daha sonra digər bazarlara genişləndirmişdi.

 

Qatlanan iPhone-un mərhələli satışa çıxarılmasının mümkün səbəbləri arasında təchizat zəncirindəki problemlər, istehsal çətinlikləri və yüksək qiymət göstərilir. Mənbələr sınaq modellərində bəzi istehsal və test problemlərinin hələ də davam etdiyini bildirir.

 

Apple analitiki Ming-Chi Kuonun proqnozlarına görə, 2026-cı il ərzində qatlanan iPhone üçün tədarük həcmi 7-8 milyon ədədlə məhdudlaşa bilər. Bu rəqəm iPhone 18 Pro modelləri üçün gözlənilən 20-22 milyon ədədlik istehsal həcmi ilə müqayisədə xeyli azdır.

 

Bu səbəbdən Apple-ın ilk gündən etibarən qatlanan iPhone-u çoxsaylı bazarlarda satışa çıxarması çətin görünür. Bununla belə, bütün bu məlumatların hələlik yalnız iddia olduğu və Apple tərəfindən rəsmi şəkildə təsdiqlənmədiyi nəzərə alınmalıdır.

 

Aysel Şirinova