Özbəkistan və Türkiyə yaxın vaxtlarda Özbəkistan – Türkmənistan – İran – Türkiyə marşrutu üzrə müntəzəm konteyner qatarlarının hərəkətinə başlayacaq.
Tvit.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, müvafiq razılaşma yanvarın 29-da Ankarada Özbəkistan və Türkiyə prezidentləri Şavkat Mirziyoyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən Ali Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclası zamanı əldə olunub.
Qeyd olunur ki, bu marşrut Mərkəzi Asiya ölkələrini Avropa bazarları ilə birləşdirən logistika zəncirinin mühüm həlqəsinə çevriləcək. O, ixrac tədarüklərinin sürətləndirilməsinə, biznes üçün logistika xərclərinin azaldılmasına və yüklərin çatdırılma müddətlərinin daha proqnozlaşdırıla bilən olmasına imkan verəcək.
Razılaşmanın əsasını 2023-cü il noyabrın 3-də Türkmənistan, Özbəkistan, İran və Türkiyənin nəqliyyat qurumlarının çoxşaxəli görüşü zamanı imzalanmış protokol təşkil edir.
Aysel Şirinova