Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Pediatr körpə qidalanması ilə bağlı vacib məqamları açıqladı
sosial

Pediatr körpə qidalanması ilə bağlı vacib məqamları açıqladı

08-01-2026 19:00 256 Просмотров
IMG

“Körpələrin həyatının ilk iki ilində qidalanması onların fiziki-psixi inkişafında, immunitetinin formalaşmasında, hətta gələcək intellektual səviyyəsində çox vacib rol oynayır”.

 

Bu fikirləri Tvit.az-a açıqlamasında pediatr Günay İsmayılzadə bildirib.

 

O, ilk 6 ayda körpənin mümkün olduğu təqdirdə yalnız ana südü ilə qidalanmasını tövsiyə edib.

 

“Ana südü bir körpə üçün unikal və əvəzolunmaz qidadır. Ən bahalı, ən məşhur brend tərəfindən istehsal olunmuş qida belə ana südünü əvəz etmir. Amma təəssüf ki, buna həmişə nail ola bilmirik. Ananın südünün az olması, ananın və ya körpənin bəzi xəstəliklərinə görə əmizdirməyə əks göstərişlər olduğu halda süni qidalara (formula qarışıqlara) müraciət edirik. Bu halda yaxşı olar ki, süni qidaya keçid qərarını və qidanın növünün seçimini pediatra buraxaq.

 

Müsahib qeyd edib ki, süni qida qarışıqları tərkibinə, istehsalçısına, buraxılış formasına, yaşa uyğunluğuna, istifadə qaydasına və müddətinə, həmçinin bir sıra başqa xüsusuiyyətlərinə görə fərqlənir.

 

“Pediatr hər körpəyə uyğun qidanı anadan, nənədən, qohumlar və qonşulardan daha düzgün seçəcəkdir. Yanlış formula seçimi həzm pozğunluğu (qusma,qəbizlik,ishal),allergiya,normal çəki almama, müxtəlif mineral və vitamin defisitlərinə səbəb ola bilər. Qidanı satın alan şəxsin üzərinə düşən məsuliyyətlər də təbii ki var. Diqqət edilməli məqamlar hansılardır? Məhsulun satıldığı məkanın seçimi, qutunun etiketinin diqqətlə oxunması (istehsalçı,yaşa uyğunluq və tərkib), qablaşmada heç bir qüsurun olmaması(cırılmış,əzilmiş,şişmiş,islanmış və s.), istehsal və son istifadə müddətinin düzgünlüyü. O ki, qaldı 6 aydan sonrakı seçimlərə, bu dövrdə də pediatra müraciət edərək əlavə yəni daha qatı, sərt qidalara keçidlə bağlı məsləhətlər almaq lazımdır”.

 

Ümumiyyətlə, həkim uyğun qidaları, uyğun zamanda və doğru porsiyalarla körpənin rasionuna daxil etməyi tövsiyə edib. Pürelər, sıyıqlar, şorbalar və s. kimi əlavə qidaların təbii ərzaqlarla evdə hazırlanmasının tərəfdarı olduğun qeyd edib: “Amma bəzən həm biz pediatrlar həm də müasir analar  hazır  paket qidaları da istifadə etməli oluruq. Bu zaman da yenə məhz körpələr üçün istehsal olunmuş məhsulları almaq, tərkibinin şəkər, konservant, rəngləndirici, aromatizatorsuz olmasına, uşağın yaşına uyğunluğuna diqqət etmək, mümkün qədər dünyada bu sahədə özünü doğrultmuş brendlərə müraciət etmək tövsiyə olunur”. 

 

Bir sözlə, körpələrimizin gələcək sağlamlığı naminə düzgün qidalanmasına diqqət etməyimiz vacibdir.

 

Elmin Alışov