Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Mediada saxta məlumatların dərcinin qarşısının alınmasına dair yenilik
sosial

Mediada saxta məlumatların dərcinin qarşısının alınmasına dair yenilik

02-07-2025 11:00 40 Views
IMG

Azərbaycanda saxta məlumatların dərc edilməsinə yol verilməməsinə dair yeni normalar müəyyənləşir.

"Unikal" xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin ötən gün keçirilən iclasında birinci oxunuş üçün müzakirəyə çıxarılan “Media haqqında” qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Məlumat verilib ki, qanunda ilk dəfə olaraq kütləvi informasiya istehsalı ilə məşğul olan ənənəvi media resurslarına münasibətdə “media subyekti” anlayışı təqdim edilib, bununla da peşəkar medianın əhatə dairəsi müəyyənləşdirilib.

Dəyişikliyə əsasən media sahəsində fəaliyyət göstərən xarici hüquqi şəxsin Azərbaycandakı filial və nümayəndəliyi də media subyekti hesab ediləcək.

Bildirilib ki, Azərbaycan mediasını və ictimaiyyətini ən çox narahat edən məsələlərdən biri də informasiya məkanında mənbəyi bilinməyən, saxta məlumatların yayılması, bu cür manipulyativ məzmunun sosial şəbəkələrin təsiri altında media subyektlərinin lentinə yol açması, beləliklə, müxtəlif media kanalları vasitəsilə cəmiyyətə həqiqəti əks etdirməyən informasiyanın ötürülməsidir.

Ciddi sosial sifarişi nəzərə alaraq, həm informasiya mühitinin çirklənməsinə səbəb olan, həm də jurnalistlərin nüfuzuna təsir edən saxta xəbərlərlə mübarizə metodlarını gücləndirmək məqsədilə qanuna dəyişikliklərin edilməsi təklif olunur. Belə ki, qanunun informasiyaya dair tələbləri əks etdirən 14-cü maddəsinə saxta məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməsinə dair normanın əlavə edilməsi nəzərdə tutulub.

Qeyd olunub ki, media subyektinin adından sui-istifadə edən, media etikasına zidd fəaliyyət göstərən, ictimai rəydə qeyri-peşəkar imici dəyişməyən media resurslarına qarşı cəmiyyət dövlətdən daha ciddi addımlar atılmasını gözləyir. Bu tələbi və dövlətin informasiya təhlükəsizliyi prinsiplərini əsas götürərək qanuna edilən dəyişiklərlə Medianın İnkişafı Agentliyinin informasiya mühitinin çirkləndirilməsi hallarına qarşı fəaliyyətinin çevikliyi təmin ediləcək.

Media subyektlərinin, xüsusilə əsas informasiya mənbəyi olan informasiya agentliklərinin fəaliyyətini təkmilləşdirmək və stimullaşdırmaq üçün günün reallıqlarına uyğun standartların tətbiqi tələb olunur. Məlumat mübadiləsində açar rolunu oynayan və buna görə də, xüsusi çəkisi olan informasiya agentlikləri sadəcə mövcud olduğu sərhədlər daxilində deyil, bütün dünyada ölkə mediasının simasını və təsir dairəsini müəyyənləşdirir. Bu baxımdan informasiya agentliklərinin inkişaf etdirilməsi dövlətin media siyasətinin əsas istiqamətlərindəndir.

Qanuna təklif edilən dəyişikliyə əsasən, informasiya agentliyinin azı 20 media subyekti ilə məlumat verilməsi (əldə edilməsi) haqqında müqaviləsi olmalı, azı 5 xarici ölkədə jurnalisti akkreditasiya olunmalı, həmçinin hər ay 20 gün ərzində gündəlik dərc etdiyi kütləvi informasiyanın ümumi həcminin azı 80 faizi özü tərəfindən istehsal edilmiş olmalıdır.

Vurğulanıb ki, müxtəlif media subyektləri formalaşdırdıqları brendin adından sui-istifadə halları ilə bağlı MEDİA Agentliyinə dəfələrlə müraciətlər edib və bu istiqamətdə ciddi addımların atılması ilə bağlı təkliflər irəli sürüblər. Bu amili nəzərə alaraq, qanuna təklif olunan dəyişikliyə əsasən, media subyektlərinin adları digər redaksiyaların adları ilə eyni və ya oxşar olmamalı, onların adlarında ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan, istifadəçiləri yanılda bilən ifadələrdən istifadə edilməməlidir. Bu dəyişiklik media subyektlərinin həm reputasiyasının, həm də brendinin möhkəmlənməsinə töhfə verəcək.

Qanuna təklif olunan dəyişikliklər cəmiyyətin və media ictimaiyyətinin tövsiyələri, istək və təklifləri nəzərə alınaraq irəli sürülmüşdür ki, burada əsas məqsəd ölkəmizin informasiya mühitinin qorunaraq, sağlamlaşdırılması, media brendinin və jurnalistin nüfuzunun artırılması, informasiya məkanında hər hansı neqativ hallara qarşı mübarizədə cəmiyyətin tələblərini nəzərə alaraq dövlət tənzimlənməsində həssaslığın artırılması, çevikliyin təmin edilməsidir.