Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bakının Koroğlu Rəhimov küçəsində hərəkətin təşkilində dəyişikliklər edilir
sosial

Bakının Koroğlu Rəhimov küçəsində hərəkətin təşkilində dəyişikliklər edilir

05-09-2025 20:00 29 Views
IMG

Yol hərəkəti təhlükəsizliyininin artırılması və nəqliyyat axınlarının nizamlanması məqsədilə Koroğlu Rəhimov küçəsində hərəkətin təşkilində dəyişikliklər edilir.

 

Bu barədə Tvit.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

 

"Koroğlu Rəhimov küçəsində uzun müddətdir mövcud olan problemli nöqtələr nəqliyyat axınına mənfi təsir göstərir. Belə ki, Həsən Əliyev küçəsi istiqamətində cəmi 2 hərəkət zolağının olması böyük axının həcmini qarşılamır, avtomobillərin hərəkətində ləngimələrə səbəb olur və sıxlıq yaranır. Digər tərəfdən, Koroğlu Rəhimov küçəsi ilə Həsən Əliyev küçəsi istiqamətində hərəkət edən sürücülərin "Gənclik" metrostansiyasına tərəf dönmək tələbi yüksək olduğundan və birbaşa o istiqamətdə hərəkət etmək imkanları olmadığından, avtomobillər alternativ yollarla daha uzun məsafə qət edir, yan küçələr də yüklənir.  

 

Nizamlanmayan piyada keçidi isə pik saatlarda hərəkətə daha bir mənfi təsir göstərən amil olmaqla yanaşı, həm də piyadaların təhlükəsiz keçidini təmin etməyə imkan vermir", - məlumatda qeyd olunur. 

 

AYNA bildirir ki, parkın digər tərəfində istifadə olunmayan yolun və ümumi yol infrastrukturunun bəzi elemetlərinin səmərəli istifadəsi, yol hərəkətində dəyişikliklər və nizamlanan piyada zolaqlarının istifadəsi nəticəsində avtomobillərin sürətli və fasiləsiz hərəkətinin, piyadaların isə rahat və təhlükəsiz keçidinin təmin edilməsi nəzərdə tutulur.

 

Məlumata görə, görüləcək işlər nəticəsində yol şəbəkəsinin buraxıcılıq qabiliyyəti artırılacaq, nəqliyyat şəraiti və əlaqələndirmə imkanları yaxşılaşacaq.

 

"Sürücülərin dəyişikliklərə rahat uyğunlaşması və gedəcəkləri istiqamətləri əvvəlcədən müəyyən etmələri üçün ərazidə müvafiq yol nişanları və məlumat lövhələri quraşdırılacaq", - AYNA bildirir.

 

Qeyd edilir ki, bu həll Bakının "rəqəmsal əkiz"i vasitəsilə yoxlamalardan keçirilib və simulyasiyalar nəticəsində layihə hazırlanıb.

 

Videoçarxda tətbiq olunacaq yeniliklərlə tanış ola bilərsiniz: