ABŞ Prezidenti Donald Tramp sosial şəbəkələrdə onun ölümünə dair yayılan şayiələrdən xəbərsiz olduğunu bildirib.
Tvit.az xəbər verir ki, Ağ Evdə jurnalistlərlə söhbəti zamanı amerikalı lider son günlər yayılan bu şayiələrdən xəbərdar olub-olmaması ilə bağlı suala mənfi cavab verib. O əlavə edib ki, bəzən müəyyən məlumatlar ona çatdırılır, çünki o “hesabatlar alır”, lakin bununla konkret nəyi nəzərdə tutduğunu açıqlamayıb.
“Xüsusilə bu barədə eşitməmişəm, bu, kifayət qədər ciddi məsələdir”, – deyə Tramp vurğulayıb. “Keçən həftə bir neçə mətbuat konfransı keçirdim, hamısı uğurla, çox yaxşı keçdi. Sonra iki gün heç nə etmədim və onlar [prezidentlə] nəsə baş verdiyini deməyə başladılar”, – Ağ Evin rəhbəri əlavə edib.
Tramp, həmçinin, özündən əvvəlki dövlət başçısı Co Baydenin aylarla mətbuatla ünsiyyət qurmadığını xatırladıb: “Və heç kim onunla bağlı nəsə problem olduğunu demirdi, baxmayaraq ki, hamımız bilirik – o, ən yaxşı vəziyyətdə deyildi”.
“Çox fəal şəkildə həftəsonunu keçirdim”, – deyə prezident yekunlaşdırıb və onun ölümünə dair şayiələri “saxta xəbər” adlandırıb.