İran-İsrail münaqişəsinin gərginləşməsindən bəri İrandan 187 Qazaxıstan vətəndaşı təxliyə edilib, onlardan 22 nəfəri ölkəni Azərbaycan vasitəsilə tərk edib.
Tvit.az xəbər verir ki, bu barədə Report-a Qazaxıstan XİN-dən bildirilib.
"Qazaxıstan öz vətəndaşlarını İsrail və İrandan təxliyə etməyə davam edir. Koordinasiya edilmiş tədbirlər çərçivəsində İrandan indiyədək 187 Qazaxıstan vətəndaşı təxliyə edilib. Bundan başqa, Azərbaycan ərazisi ilə 22 qazaxıstanlı, o cümlədən bu gün iki nəfər təxliyə edilib", - qurumdan dəqiqləşdiriblər.
İsraildən Misir vasitəsilə 66 qazaxıstanlı təxliyə edilib.
"Qazaxıstanın İran və İsraildəki diplomatları öz vətəndaşlarına zəruri konsulluq və hüquqi yardımın göstərilməsi istiqamətində işi davam etdirirlər", - qurumdan əlavə ediblər.
XİN Qazaxıstan vətəndaşlarının təxliyəsində göstərdikləri köməyə görə Azərbaycan, İran və digər ölkələrdəki həmkarlarına bir daha təşəkkür edib.