Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Leyla Əliyeva Azərbaycanda təbiətin mühafizəsinin 100 illiyinə həsr olunmuş fotosərginin açılışında iştirak edib
sosial

Leyla Əliyeva Azərbaycanda təbiətin mühafizəsinin 100 illiyinə həsr olunmuş fotosərginin açılışında iştirak edib

16-07-2025 23:00 31 Views
IMG

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Dənizkənarı bulvar ərazisində Azərbaycanın təbiətin mühafizəsi sahəsində fəaliyyətinin 100 illiyinə həsr olunmuş “Milli Parklar – Azərbaycanın 12 Möcüzəsi” fotosərgisinin açılış tədbirində iştirak edib.

 

Tvit.az xəbər verir ki, IDEA İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən sərgi ölkəmizin unikal biomüxtəlifliyini əks etdirən xüsusi mühafizə olunan ərazilərin, milli parkların təbiətini, zəngin florasını və faunasını fotoobyektiv vasitəsilə nümayiş etdirir.

 

Qeyd edək ki, Azərbaycan ərazisində təbiətin sistemli qorunmasına 1925-ci ildə ilk dövlət qoruğu olan Göygöl təbiət qoruğunun yaradılması ilə başlanılıb. Hazırda ölkəmizdə 12 milli park, 9 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

 

Milli parklar Azərbaycanın təbiətinin mühafizəsinə dair dövlət siyasətinin əsas sütunlarından biridir. Bu siyasətin daha geniş ictimaiyyətə çatdırılması məqsədilə Leyla Əliyevanın təşəbbüsü ilə 2013-cü ildə “Azərbaycanın 7 Möcüzəsi” kinolayihəsinə start verilib. Milli parkların sayı artdıqca, layihənin adı da dəyişərək “Azərbaycanın 12 Möcüzəsi”nə çevrilib. Son olaraq, Prezident İlham Əliyevin 2025-ci il 14 iyul tarixli Sərəncamı ilə Azərbaycanda daha iki yeni milli park – Axar-Baxar və İlisu milli parkları yaradılıb.

 

Layihənin təşəbbüskarı Leyla Əliyevanın rəhbərliyi ilə səkkiz sənədli film çəkilib, yüzlərlə videomaterial və fotoşəkil sosial şəbəkələrdə milyonlarla izləyici tərəfindən maraqla qarşılanıb. Bu fotosərgi həmin layihənin çoxsaylı və təsirli nəticələrindən biridir. Sərgidə təqdim olunan şəkillər təkcə Azərbaycanın təbiət möcüzələrini nümayiş etdirmir, həm də ekoloji maarifləndirmə baxımından mühüm rol oynayır. Burada tamaşaçılar təbiətin qorunmasının nə qədər vacib olduğunu hiss edir, insanın təbiətə olan məsuliyyətini daha dərindən anlayırlar.

 

“Azərbaycanın 12 Möcüzəsi” adlanan layihəyə daxil olan milli parklar ölkəmizin müxtəlif coğrafi bölgələrini və ekosistemlərini əhatə edir. Bunlara Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı, Ağgöl Milli Parkı, Şirvan Milli Parkı, Hirkan Milli Parkı, Altıağac Milli Parkı, Abşeron Milli Parkı, Şahdağ Milli Parkı, Göygöl Milli Parkı, Samur-Yalama Milli Parkı, Qızılağac Milli Parkı, Axar-Baxar Milli Parkı və İlisu Milli Parkı daxildir. Bu parklar Azərbaycanın zəngin təbii irsinin qorunması və təbliği baxımından böyük əhəmiyyət daşıyır.

 

Qeyd edək ki, Dənizkənarı bulvar ərazisində yay boyunca davam edəcək fotosərgidə təqdim olunan şəkillər tanınmış fotoqraflar – İqor Bışnyov, İlya Bışnyov, Natalya Teterevskaya və Nikita Bışnyov tərəfindən çəkilib.