Bakıda Dövlət Sərhəd Xidmətinin (DSX) mayoruna hücum etməkdə təqsirləndirilən idmançılar Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov, Ramal Aslanovun cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.
Tvit.az-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib.
Cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul olunub.
Növbəti proses iyunun 25-nə təyin edilib.
Qeyd edək ki, yanvarın 4-də paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib. İdmançıların DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum edərək xəsarət yetirməkdə təqsirləndirilir.
Faktla bağlı idmançılardan Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov polis tərəfindən saxlanılıblar.
Hadisənin sifarişçisinin kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğu iddia olunur.
Xətai Rayon Məhkəməsinin qərarına əsasən, saxlanılan Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. Elvin Məmmədov barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Onlar barələrində Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddələri ilə cinayət işi açılaraq istintaqa cəlb olunublar.