Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Belqradda Azərbaycan və Ermənistan arasında sülh prosesi müzakirə olunub
siyasət

Belqradda Azərbaycan və Ermənistan arasında sülh prosesi müzakirə olunub

27-02-2026 21:00 29 Views
IMG

Belqradda "Sülh, əməkdaşlıq və təhlükəsizlik perspektivləri: Vaşinqton sammitindən sonra Azərbaycan və Ermənistan" mövzusunda dəyirmi masa təşkil olunub.

Tvit.az Report-a istinadən xəbər verir ki, Azərbaycanın Serbiyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbir Xocalı soyqırımının 34-cü ildönümünə həsr edilib.

Dəyirmi masa Cənubi Qafqaz regionunda dəyişən geosiyasi mənzərənin müzakirəsi və mümkün əməkdaşlıq istiqamətlərinin araşdırılması üçün tanınmış ekspertləri və diplomatları bir araya gətirib.

Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev diqqətə çatdırıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə işğal edilib:

"İşğalçılar şəhəri dağıtdı və mülki əhaliyə qarşı soyqırımı törədərək 613 dinc sakini, o cümlədən uşaqları, qadınları və yaşlıları amansızlıqla qətlə yetirdilər. Xocalıda mülki şəxslərin ayrı-seçkilik qoyulmadan öldürülməsi Ermənistan tərəfindən onilliklər boyu dövlət səviyyəsində azərbaycanlılara qarşı aparılan etnik təmizləmə, nifrət və irqi ayrı-seçkilik siyasətinin nəticəsi idi. Xocalı soyqırımı və digər cinayətlər beynəlxalq humanitar hüququn ən ağır pozuntularıdır".

Diplomat deyib ki, 18 ölkənin milli qanunverici orqanları, həmçinin ABŞ-nin 24 ştatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı mülki əhaliyə qarşı törədilmiş soyqırımı pisləyən və onu insanlığa qarşı cinayət, soyqırımı aktı kimi qiymətləndirən bir sıra qətnamə və qərarlar qəbul edib:

"Avropa İnsan Hüquqları Məhkəməsi Xocalıda törədilmiş cinayətlərlə bağlı mühüm nəticəyə gələrək bu vəhşilikləri törədənlərin davranışını xüsusi ağırlığa malik əməllər kimi qiymətləndirib və onların müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər təşkil edə biləcəyini vurğulayıb.

Beynəlxalq hüquqa əsasən, dövlətlər Xocalıda törədilmiş vəhşilikləri araşdırmaq və təqsirkarları məsuliyyətə cəlb etmək öhdəliyi daşıyırlar. Lakin həmin cinayətlərə görə məsuliyyət daşıyan şəxslər Ermənistanda məsuliyyətə cəlb edilməyib. İki həftə əvvəl Azərbaycanda məhkəmə bir qrup erməni separatçını hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə görə müxtəlif müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum etdi".

Səfir bildirib ki, illər sonra ədalət bərqərar olunur:

"Hərbi əməliyyatlar başa çatdıqdan dərhal sonra Azərbaycan Ermənistana beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığına hörmət əsasında ikitərəfli münasibətlərin qurulmasını və bu barədə mümkün qədər tez ikitərəfli sazişin bağlanmasını təklif edib.

Müharibədən sonra çoxsaylı ikitərəfli danışıqlar keçirilib və sülh müqaviləsinin layihə mətninə dair razılıq əldə olunub, Azərbaycan eyni zamanda etimad quruculuğu və barışıq səyləri çərçivəsində hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərini təklif edib.

Keçən il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüş zamanı birgə bəyannamə imzalandı və Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin layihəsi iki ölkənin xarici işlər nazirləri tərəfindən paraflandı".

K.Xasıyevin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında təxminən 30 il davam etmiş, çoxsaylı insan itkisinə və dağıntılara səbəb olmuş hərbi münaqişəyə baxmayaraq, bu gün Cənubi Qafqazda davamlı sülh, təhlükəsizlik və əməkdaşlığa heç vaxt indiki qədər yaxın olunmayıb:

"Vaşinqtonda keçirilmiş tarixi sammitdən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, hərtərəfli sülhə doğru irəliləyiş ayları olub. Bu dövr münasibətlərimizin inkişafı baxımından son dərəcə əhəmiyyətli oldu. Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətlər aradan qaldırıldı, həmçinin Ermənistana məhsulların ixracına başlandı. Başqa sözlə, son altı ay ərzində əməkdaşlığa start verildi və ticarət münasibətləri genişlənməkdədir".

Səfir onu da xatırladıb ki, ötən payız Azərbaycan və Ermənistan birgə şəkildə ATƏT-ə müraciət edərək təşkilatın Minsk qrupunun və onun strukturlarının ləğvini xahiş ediblər:

"Onilliklər ərzində münaqişənin sülh yolu ilə həllinə cavabdeh olan Minsk qrupu heç bir nəticə əldə edə bilməyib. Nəticədə sözügedən müraciətdən sonra ATƏT-in iştirakçı dövlətlərinin konsensus əsasında qəbul etdiyi ləğv qərarı iki ölkə arasındakı münaqişənin həll olunduğunu bir daha təsdiqlədi".

Azərbaycanın Serbiyadakı səfirliyinin attaşesi Tural Cəfərov Azərbaycan və Ermənistan liderləri arasında avqustun 8-də Vaşinqtonda keçirilmiş görüşün münasibətlərin normallaşdırılması perspektivlərinə diqqət çəkib:

"Cənubi Qafqaz son illərdə mühüm transformasiyalardan keçib. 2023-cü ildə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpası regionda yeni geosiyasi reallıq formalaşdırdı. Bu gün əsas sual ondan ibarətdir ki, bu reallığı necə davamlı sülh sazişinə çevirmək olar, uzunmüddətli təhlükəsizliyi necə təmin etmək olar və onilliklərlə davam edən qarşıdurmadan mərhələli şəkildə birgəyaşayış və əməkdaşlığa əsaslanan gələcəyə necə keçmək olar? Bu mənada Vaşinqton sammitindən sonra Azərbaycan və Ermənistan arasında sülh, əməkdaşlıq və təhlükəsizlik perspektivlərinin müzakirəsi üçün uyğun məqam yaranıb".

Belqrad Universitetindəki Azərbaycan dili və mədəniyyəti Mərkəzinin rəhbəri və Diaspor Komitəsinin Serbiya üzrə təmsilçisi Günel Babanlı qeyd edib ki, Xocalı uzun illərin ağrısını simvolizə edir və bu ağrı minlərlə insanın həyatında dərin iz buraxıb.

Strateji Araşdırmalar Forumunun (FORST) prezidenti və Serbiya Milli Assambleyasının sabiq deputatı Neven Svetiçanin isə hesab edir ki, Azərbaycan və Ermənistan arasında sülh və yaxınlaşma prosesi artıq təkcə ikitərəfli ölçüdə deyil, daha geniş geosiyasi müstəvidə qiymətləndirilməlidir:

"Bu, Avrasiya məkanında daha möhkəm sabitliyin təməlini təşkil edən bir hekayədir. Sülh artıq yalnız milli məsələ və ya beynəlxalq münasibətlər səhnəsindəki rəqabət elementi deyil. O, strateji marşrutlar, nəqliyyat dəhlizləri, enerji axınları və formalaşmaqda olan yeni təhlükəsizlik arxitekturası kontekstində mühüm əhəmiyyət kəsb edir.

Bu baxımdan, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi lokal xarakterli məsələ deyil. Bu, Xəzər dənizindən Avropa İttifaqına qədər uzanan geniş coğrafiyada sabitliyin taleyini müəyyən edən amildir. Beynəlxalq ictimaiyyət dialoqun yeni mərhələsini dəstəkləyir. Lakin sülh tək bir sənədlə yaranmır. O, üç əsas proses üzərində qurulur: kommunikasiyanın institusionalizasiyası; artıq başlanmış qarşılıqlı iqtisadi əlaqələr; etibarlı təhlükəsizlik təminatları".

Son olaraq çıxış edən Nikola Tesla Universitetinin Beynəlxalq Siyasət və Təhlükəsizlik fakültəsinin dekanı Violeta Raşkoviç-Taloviç bildirib ki, modernləşmə ehtiyacları unikal xarici siyasət dinamikasını formalaşdırır:

"Məhz buna görə Azərbaycan əhəmiyyətli resurslarına və tranzit potensialına söykənərək, beynəlxalq rəqabətə və regional qeyri-sabitliyə rasional cavab kimi multivektorlu xarici siyasət kursunu inkişaf etdirib. Məqsəd müxtəlif güc mərkəzləri arasında balansı qorumaqla suverenliyi, ərazi bütövlüyünü və iqtisadi rifahı təmin etməkdir.

Azərbaycanın nümunəsində multivektorlu model düşünülmüş "siyasi portfel" yanaşması kimi təzahür edir. Bakı Türkiyə ilə strateji tərəfdaşlığı inkişaf etdirir, Rusiya və İranla funksional münasibətləri qoruyur, eyni zamanda Avropa İttifaqı və ABŞ ilə, xüsusilə enerji təhlükəsizliyi, iqtisadi əlaqələr və regional sabitlik sahəsində intensiv əməkdaşlıq qurur".