İsrail hakimiyyətinin Qəzza zolağı ərazisini tam işğal etməsi yəhudi dövlətinin büdcəsinə təxminən 35 milyard şekel (təxminən 10 milyard dollar) həcmində illik xərclərə başa gələ bilər.
Tvit.az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) məlumat yayıb.
Məlumata görə, bu xərclərin əsas hissəsi İsrail Müdafiə Ordusunun (ÇAXAL) hərbçilərinin Qəzza ərazisində saxlanılmasına, həmçinin inzibati aparatın və mülki-kommunal xidmətlərin fəaliyyətinə yönəldiləcək. Ümumilikdə söhbət İsrail ÜDM-nin təxminən 2%-i həcmində vəsaitdən gedir.
Bildirilib ki, yəhudi dövlətinin büdcəsində bu həcmdə sərbəst vəsait yoxdur və onları qısa müddətdə tapmaq mümkün deyil. Bundan başqa, göstərilən xərclərə Qəzza sektorunun böyük ölçüdə dağıdılmış infrastrukturunun bərpasına lazım olacaq vəsait daxil edilmir.