Yanvarın 26-da SOCAR-ın prezidenti Rövşən Nəcəf Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda infrastruktur üzrə direktoru Çarlz Kormier ilə görüşüb.
Tvit.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Bildirilib ki, görüşdə SOCAR-la Dünya Bankı arasında formalaşmış uzunmüddətli əməkdaşlıqdan məmnunluq ifadə olunub, birgə icra olunan layihələrin, o cümlədən Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyəti qeyd olunub. Eləcə də, SOCAR-ın Dünya Bankının "2030-cu ilədək məşəldə rutin yandırılmaların sıfıra endirilməsi" təşəbbüsünün fəal iştirakçılarından olduğu vurğulanıb.
Söhbət zamanı SOCAR-ın qlobal genişlənmə strategiyasına uyğun olaraq həyata keçirdiyi layihələr, dekarbonizasiya hədəfləri, müəssisələrin rəqəmsallaşdırılması üzrə görülən işlər barədə məlumat verilib. Bu xüsusda, "SOCAR Karbamid" zavodunun Dünya İqtisadi Forumunun "Qlobal mayak" Şəbəkəsinə üzv qəbul edildiyi bildirilib.
Görüşdə tərəflər əməkdaşlıq perspektivlərini nəzərdən keçirib, ədalətli enerji keçidi, iqtisadi cəhətdən səmərəli enerji resursları, yaşıl enerji dəhlizləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.