Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Nazir: "Cinayət prosesi davam edən şəxslərlə bağlı hər hansı qərarın verilməsi mümkün deyil"
sosial

Nazir: "Cinayət prosesi davam edən şəxslərlə bağlı hər hansı qərarın verilməsi mümkün deyil"

26-12-2025 18:00 20 Baxış
IMG

"Cinayət prosesi davam edən şəxslərlə bağlı hər hansı qərarın verilməsi mümkün deyil".

 

Tvit.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

 

O bildirib ki, hərbi əsir kateqoriyasına aid olan bütün şəxslər Azərbaycan tərəfindən 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra yüzlərlə sayda Ermənistana qaytarılıb:

 

"Sonrakı mərhələlərdə də saxlanılan şəxslər olub və onlar da geri qaytarılıblar. Hazırda Azərbaycanda məhkum olunmuş və ya barəsində cinayət prosesi davam edən şəxslərə gəldikdə isə, səhv etmirəmsə, söhbət 23 nəfərdən gedir. Bu şəxslər ya artıq məhkum olunub, ya da ağır cinayətlərdə ittiham edilirlər. Bunlar hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər, terrorçuluğun maliyyələşdirilməsi, ölkə ərazisində qanunsuz silahlı birləşmələrin yaradılması və digər ağır maddələr üzrə ittiham olunan şəxslərdir.

 

Cinayət prosesi davam edən şəxslərlə bağlı, təbii ki, hər hansı qərarın verilməsi mümkün deyil. Digər tərəfdən, müəyyən proseslər ərəfəsində Azərbaycana təzyiq göstərilməsi cəhdlərini biz dəfələrlə görmüşük. Xüsusilə COP29 ərəfəsində ölkəmizə qarşı genişmiqyaslı beynəlxalq kampaniya aparılmışdı və bu, hər birimizin yadındadır.

 

Mən düşünürəm ki, bu cür kampaniyaları həyata keçirən qruplar və mərkəzlər artıq qəbul etməlidirlər ki, bu tip addımlarla Azərbaycana qarşı hər hansı qanunsuz tələbi qəbul etdirmək mümkün deyil".