Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Azərbaycan və Türkiyə peşə təhsili sahəsində əməkdaşlığı genişləndirirlər
sosial

Azərbaycan və Türkiyə peşə təhsili sahəsində əməkdaşlığı genişləndirirlər

23-12-2025 12:00 17 Baxış
IMG

Azərbaycan və Türkiyə peşə təhsili sahəsində əməkdaşlığı genişləndirirlər.

 

Tvit.az xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü plenar iclasının gündəliyinə daxil edilib.

 

İclasda "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol"un təsdiq edilməsi barədə qanun layihəsi müzakirə olunub.

 

Qeyd olunan Protokol Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə peşə təhsili müəssisələrinin yaradılması və fəaliyyətinin təşkili üçün hüquqi əsasları müəyyən edib.

 

Hazırkı Nümunəvi Nizamnamə isə həmin protokolun icrası məqsədilə qəbul edilən törəmə hüquqi sənəd olmaqla, protokol çərçivəsində yaradılacaq peşə təhsili müəssisələrinin fəaliyyətinin təşkilinə dair vahid model hüquqi çərçivəni müəyyən edir.

 

Nümunəvi Nizamnamə Türkiyə-Azərbaycan peşə təhsili müəssisələrinin hüquqi statusunu, fəaliyyət istiqamətlərini, idarəetmə mexanizmlərini, tədris prosesinin təşkili prinsiplərini və qarşılıqlı əməkdaşlıq əsaslarını ümumi formada tənzimləyir.

 

Bu sənəd hər bir konkret peşə təhsili müəssisəsi üzrə ayrıca nizamnamələrin hazırlanması, razılaşdırılması və dövlət qeydiyyatına alınması üçün əsas kimi nəzərdə tutulub.

 

Müvafiq peşə təhsili müəssisələrinin nizamnamələri tərəflərin razılığı əsasında hazırlanır və Azərbaycan tərəfdən qüvvədə olan qaydalara uyğun olaraq təsdiq edildikdən sonra tətbiq edilir.

 

Beləliklə, təqdim olunan Nümunəvi Nizamnamə yeni hüquqi öhdəlik yaratmır, mövcud beynəlxalq müqavilə - 2021-ci il tarixli protokolun praktiki icrasını təmin edən tətbiqi xarakterli sənəd kimi çıxış edir və Türkiyə-Azərbaycan peşə təhsili müəssisələrinin fəaliyyətinin sistemli və vahid əsaslarla təşkilinə xidmət edir.

 

Sonda layihə səsə qoyularaq bir oxunuşda qəbul edilib.