Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bu ilin 11 ayında narkotiklə bağlı 7 441 cinayət faktı aşkarlanıb
sosial

Bu ilin 11 ayında narkotiklə bağlı 7 441 cinayət faktı aşkarlanıb

19-12-2025 11:00 17 Baxış
IMG

Bu ilin yanvar-noyabr ayları ərzində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində 7 441 cinayət faktı aşkarlanıb.

 

"Tvit.az" xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun yaydığı hesabatda qeyd olunub.

 

Bildirilib ki, onlardan 2 403-ü narkotik vasitələrin qanunsuz satışı, 4 850-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 186-sı narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub:

 

"8 ton 334 kq 712,932 qram narkotik vasitələrin və psixotrop maddələrin 7 ton 037 kq 413,78 qramını marixuana, 745 kq 500,982 qramını heroin, 144 kq 728,924 qramını tiryək, 75 kq 384,242 qramını həşiş, 153,551 qramını kokain, 181 kq 871,261 qramını digər narkotik vasitələr və 149 kq 660,186 qramını psixotrop maddələr təşkil edib. Həmçinin, göstərilən dövr ərzində 15 min 516 ədəd metadon, 18 min 938 ədəd çətənə bitkisi, eləcə də1 kq 111,692 qram,108 həb, 39 kapsul güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.

 

Hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1201,5 hektar sahədən yaş kütləsi 304 ton 762 kq olan 2 milyon 600 min 707 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

 

Qanunsuz dövriyyədən çıxarılmış 8 ton 334 kq 712,932 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 219 milyon 573 min AZN kimi qiymətləndirilir".

 

Vurğulanıb ki, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 5 117 nəfər cəlb edilib, onlardan 4 961-i kişi, 156-sı qadın olub. Məsuliyyətə cəlb edilmiş 85 xarici ölkə vətəndaşından ümumilikdə 936 kq 501,249 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə və 271,772 qr çətənə bitkisi götürülüb:

 

"Narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 231 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 3 ton 847 kq 095,152 qr və 15 min 516 həb metadon narkotik vasitə və psixotrop maddə, 13 min 194 ədəd həb və 5,7 qr güclü təsir edən maddə çıxarılıb. Ümumilikdə, aşkar edilmiş cinayətlərin 274 qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 2 ton 658 kq 377,574 qr nakotik vasitə, psixotrop maddə maddə və 309 kq 436,2 qr güclü təsir edən maddə müsadirə edilib. 2 439 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 2 ton 044 kq 413,166qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib".

 

Qeyd olunub ki, 2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə aşkarlanan faktların ümumi sayı 1 108, qanunsuz satış ilə bağlı faktların sayı 434, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 628, narkotik tərkibli bitkilərin qanunsuz kultivasiya edilməsi faktlarının sayı 42, bu kateqoriyadan olan digər cinayət faktlarının sayı 4, qaçaqmalçılıqla bağlı faktların sayı 4, qrup halında olan cinayətlərin sayı 39 fakt, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 1 576 nəfər azalıb. Bununla yanaşı, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 1 ton 931 kq 065,487 qr artıb.

 

"Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 7 ton 037 kq 413,78 qr-nı (84,4 %) marixuana təşkil edib. Onun da 6 ton 204 kq 757,98 qramı (88,1%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olub. 832 kq 655,8 qr qram (11,8 %) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, həyətyanı sahələrə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.

 

Dövlət Komissiya tərəfindən 10 ton 121 kq 801,942 qr müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorları, həmçinin 8 min 644 ədəd çətənə bitkisi məhv edilib.

 

Eyni zamanda, 64 rayon və şəhərdə ümumi çəkisi 57 kq 812,817 qr və 21 həb müxtəlif narkotik vasitələrin, psixotrop maddələrin, 4 kapsul güclü təsir edən maddənin və 562 ədəd çətənə bitkisinin məhv olunması təmin edilib".