Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət “İki ölkə arasında sülh sazişi mətni artıq hazırdır”- AÇIQLAMA
siyasət

“İki ölkə arasında sülh sazişi mətni artıq hazırdır”- AÇIQLAMA

07-08-2025 14:00 28 Просмотров
IMG

Məlum olduğu kimi, Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp cümə günü Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda görüşlər keçirəcək. Donald Trampın Azərbaycan və Ermənistan liderləri ilə birgə bəyanatla çıxış edəcəyi gözlənilir. Görüşlərin əsas mövzusunun bölgədəki gərginlik və sülh danışıqlarının perspektivləri olacağı proqnozlaşdırılır.

Mövzu ilə bağlı “Tvit.az”a açıqlama verən politoloq Turan Rzayevv bildirib ki, belə bir görüşün keçirilməsi müsbət haldır:

 "Bu, Vaşinqtonun məsələyə həssas və tərəfsiz yanaşmaq niyyətindən irəli gəlir. 

Əslində, iki ölkə arasında sülh sazişi mətni artıq hazırdır və onun imzalanmasının qarşısında ciddi bir maneə yoxdur. Lakin təbii ki, Bakını narahat edən məsələlər qalmaqdadır. Xüsusilə də Ermənistan Konstitusiyası və Müstəqillik Bəyannaməsində ərazi iddialarını əks etdirən müddəaların qalması, eləcə də Zəngəzur dəhlizinə dair açıq suallar Azərbaycanın sülhə ehtiyatla yanaşmasına səbəb olur.
Ermənistanın da problemləri mövcuddur. Məsələn, Bakının sülh müqaviləsinə dair əlavə şərtləri Paşinyanı daxili auditoriya və müxalifət qarşısında çətin vəziyyətə salır. Buna baxmayaraq, tərəflərin ötən ay Birləşmiş Ərəb Əmirliklərində sülh danışıqları aparması və bu prosesin müsbət atmosferdə keçməsi Vaşinqtonda baş tutacaq görüşə ümidləri artırır.
Tramp yaxşı anlayır ki, Ermənistan–Azərbaycan münaqişəsi həlli mümkün olan ən asan beynəlxalq münaqişələrdən biridir. Çünki rəsmi Bakı münaqişənin ən mürəkkəb mərhələsi olan Qarabağ məsələsini artıq həll edib. Azərbaycanın, xüsusilə də xarici təsirlər nəticəsində şərti dövlət sərhədində baş verən təxribat cəhdlərinə təmkinlə yanaşması və gərginliyi artırmamaq mövqeyi onun sülhdə maraqlı olduğunu göstərir. Bu isə Vaşinqton üçün əlavə stimul yaradır”, - deyə politoloq qeyd edib.

Biz yeni tariximizə qələbə ilə başladıq"- politoloq Turan Rzayev

Turan Rzayev xüsusilə baş nazir Nikol Paşinyanın  Qərbə inteqrasiya meyillərindən xəbərdar olduğunu vurğulayıb: “Bundan başqa, regionun enerji potensialı, eləcə də Azərbaycanın Qərbə enerji nəqlini artırmaq səyləri Vaşinqtonu razı salır. Təbii ki, bir də Trampın Nobel Sülh Mükafatı almaq niyyəti məsələsi var.
Bütün bu faktorlar Vaşinqtonda keçiriləcək görüşün nəticə ilə yekunlaşması ehtimalını artırır. Lakin əsas sual budur: söhbət necə bir nəticədən gedir? Hər nə qədər sülh sazişinin mətni hazır olsa da, onun imzalanması üçün vaxt lazımdır. İstisna deyil ki, Vaşinqtonda ən yaxşı halda sülh sazişinin imzalanma yeri və tarixi müzakirə edilə bilər.
Politoloq bildirilib ki, bu məsələsə xüsusilə də Rusiya faktoru düşündürücüdür: ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoffun bu baxımdan Rusiyaya səfəri diqqət çəkir. İstisna deyil ki, bu səfərin fərqli məqsədləri olub, lakin onlardan biri də Ermənistan–Azərbaycan sülh danışıqları ilə bağlıdır.
Vaşinqton düşünür ki, İrəvan və Bakı arasında ortaq məxrəcə gəlinməsi mümkündür, lakin Kremlin bu prosesə əngəllər yaratmasından ehtiyat edir. Azərbaycanda olmasa da, Ermənistanda hələ də Rusiyanın təsir gücü, xüsusən də hərbi varlığı qalır”.

Turan Rzayevin sözlərinə görə, ABŞ bu məsələdə Rusiya ilə ortaq məxrəcə gəlməyə çalışır. Bunun mümkün olub-olmayacağını zaman göstərəcək. Amma bir məqam dəqiqdir: Vaşinqtonda tarixi görüş baş tutacaq. Hər şey plana uyğun getsə, həm Bakı, həm İrəvan, həm də Vaşinqton öz məqsədinə çatar.

Elmin Alışov