Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Azərbaycanın cəbhə xəttindən uzaq şəhərlərinin bombalanması əmrinin Ermənistan rəhbərliyi tərəfindən verilməsi təsdiqləndi
sosial

Azərbaycanın cəbhə xəttindən uzaq şəhərlərinin bombalanması əmrinin Ermənistan rəhbərliyi tərəfindən verilməsi təsdiqləndi

23-06-2025 21:00 33 Просмотров
IMG

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 23-də davam etdirilib.

Tvit.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə iclasında təqsirləndirilən şəxs Arayik Harutyunyan prokurorların suallarını cavablandırıb. Baş Prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran A.Harutyunyan baş ofisi İrəvanda yerləşən Ermənistanın “Hayastan” ümumerməni fondunun (həmin fond 1992-ci ildə Ermənistan prezidenti Levon Ter-Petrosyanın fərmanı ilə yaradılıb – red.) üzvü olduğunu, fondun bütün iclaslarında iştirak etdiyini deyib.

İddia edib ki, “Hayastan” fondu həm Ermənistanda, həm də qondarma rejimdə xeyriyyəçilik layihələri ilə məşğul olub. “Fond Qarabağda infrastruktur layihələri həyata keçirib. Məktəblərin və uşaq bağçalarının tikintisi, eləcə də digər xeyriyyəçilik layihələri ilə məşğul olurdu”, - deyə o əlavə edib.

Təqsirləndirilən şəxs bildirib ki, fond üçün vəsaitlər nağd qaydada toplanmayıb, bank vasitəsilə köçürmə edilib.

A.Harutyunyan deyib ki, fondun ayırdığı vəsaitlər hesabına işləri həyata keçirən podratçıların Ermənistandan, yaxud qondarma rejimdən olmasının fərqi olmayıb: “Tenderdə kim qalib gəlirdisə, işləri onlar icra edirdilər”.

Təqsirləndirilən şəxs Azərbaycanın vaxtilə işğalda olan suveren əraziləri ilə Ermənistan arasında əsas əlaqənin fondun vəsaiti hesabına çəkilən iki yolla (İrəvan-Gorus-Xankəndi və İrəvan-Basarkeçər-Xankəndi magistral yolları) olduğunu təsdiqləyib və əlavə edib: “Cənub istiqamətində də yollar mövcud idi, lakin bunlar əsasən torpaq yolları idi və onlardan elə də geniş istifadə olunmurdu. Əsas yollarda nəqliyyatın və yükdaşımaların həyata keçirilməsi ilə bağlı hər hansı qadağa yox idi. Lakin bəzi sahələr üzrə məhdudiyyətlər mövcud idi. Məsələn, meşə ağaclarının daşınması ilə bağlı məhdudiyyət tətbiq olunurdu. Sanitar sahələr üzrə nəzarət tədbirləri görülürdü, amma digər sahələr üzrə xüsusi məhdudiyyət yox idi”.

O, həmin yollarla hərbi texnikanın daşınmasına da hansısa məhdudiyyət olmadığını bildirib.

İkinci Qarabağ müharibəsi dövründə fondun vəsaitlərindən istifadə olunmadığını da iddia edən təqsirləndirilən şəxs deyib: “Müharibə dövründə və sonrakı günlərdə xeyli vəsait - təxminən 100 milyon ABŞ dollarından artıq pul yığılıb. Bunların hamısı ev tikintisi üçün toplanmışdı”.

A.Harutyunyan bildirib ki, 44 günlük müharibədən sonra həmin vəsaitlərlə bir neçə yaşayış məntəqəsinin tikintisinə başlanılıb, bir neçə asfalt yol çəkilib. Lakin evlərin tikintisi yarımçıq qalıb.

O, Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərinə Suriyadan və Livandan gətirilən şəxslərin qanunsuz məskunlaşdırıldığını da təsdiqləyib.

Əlavə edib ki, Azərbaycanla sərhədyanı bölgələrdə – Ermənistanın Gorus, Qafan rayonlarında yaşayan Ermənistan vətəndaşlarının bir qismi həmin vaxt işğal altında olan Zəngilan, Qubadlı və Laçın rayonlarına gələrək orada qanunsuz məskunlaşıblar: “Çünki həmin ərazilərdə xüsusilə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərmək üçün böyük imkanlar mövcud idi. Köçürülən şəxslər əsasən kənd təsərrüfatı işləri ilə məşğul olurdular. Siz Sünik rayonunun coğrafiyasını bilirsiniz. Orada kənd təsərrüfatı aparmaq üçün geniş imkanlar yoxdur. Zəngilan, Qubadlı və Laçın rayonlarında isə bu sahədə imkanlar daha çox idi”.

A.Harutyunyan qanunsuz məskunlaşmaq üçün digər ölkələrdən gələnlərlə müqayisədə Ermənistandan gələnlərin xüsusi təşviq edilmədiyini söyləyib: “Biz onlara mane olmurduq. Onlar harada yaşamaq və nə ilə məşğul olmaq istədiklərini özləri seçirdiər”.

O, Laçın və Kəlbəcər rayonunda erməni milliyyətinən olan şəxslərin sonradan qanunsuz məskunlaşdırıldığını təsdiqləyib: “Bu, sonradan olub. Əvvəllər Laçın rayonunda ermənilər yaşamayıb. Mənim bildiyimə görə Kəlbəcər rayonunda da eyni vəziyyət olub”.

A.Harutyunyan Cəbrayıl rayonunda təxminən 30 evdən ibarət “Araçamux” adlı yaşayış məntəqəsinin salındığını da deyib: “Bu evlərin tikintisi “Tüfingiyan” fondu tərəfindən maliyyələşdirilmişdi. Zabuxdakı evləri “Ari” fonu tikdirmişdi”.

O, Kəlbəcərdə “Sidney” adlı yaşayış məntəqəsinin təşkil edildiyini, 25-dək evin tikintisini Avstraliyadakı erməni icmasının maliyyələşdirirdiyini də söyləyib.

A.Harutyunyan qondarma rejimin büdcəsinin formalaşdırılması məqsədilə hər il Ermənistan büdcəsindən “faizsiz kredit” adı ilə vəsait ayrıldığını, lakin rejimin “ordusu”nun maliyyələşdirilməsində özlərinin rolunun olmadığını söyləyib: “Ordu” ayrıca maliyyələşdirilirdi (Ermənistan tərəfindən – red.). Biz “ordu” məsələlərində iştirak etmirdik”.

A.Harutyunyan Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma qurumun “bank sistemi” barədə də prokurorun suallarını cavablandırıb. O, özü də vaxtilə qondarma rejimdə fəaliyyət göstərən bank filiallarında çalışdığını bildirib. A.Harutyunyan qondarma rejimin əsas “bankı” kimi təqdim olunan “Artsaxbank”ın Ermənistan Respublikasının Mərkəzi Bankı tərəfindən qeydiyyatdan keçirilən bank olduğunu söyləyib. Bildirib ki, həmin bankın qeydiyyat yeri Ermənistan paytaxtı olub. Əlavə edib ki, həmin banka lisenziyanı Ermənistanın Mərkəzi Bankı vermişdi. Lakin baş filialı həmin vaxt işğal altında olan Xankəndi şəhərində fəaliyyət göstərib. Həmin bankın Azərbaycanın vaxtilə işğal altında olan digər ərazilərinin mərkəzi yerlərində də filialları olub.

“O bankın Ermənistanın digər bankları ilə müqayisədə heç bir üstünlüyü, imtiyazı yox idi. Bankda uçot dərəcəsini də Ermənistan Mərkəzi Bankı müəyyənləşdirirdi”, - deyə A.Harutyunyan əlavə edib.

Bundan başqa, vaxtilə işğal altında olan Azərbaycan ərazilərində Ermənistanın digər banklarının da filialları fəaliyyət göstərib. A.Harutyunyan filialların zərərlə işlədiyini də söyləyib.

Ardınca A.Haruyunyana Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev tərəfindən Azərbaycanın vaxtilə Ermənistanın işğalı altında olan ərazilərdə qanunsuz fəaliyyət göstərmiş “Frank Muller Group”, “Vallex Group”, “Zolotaya Zvezda” və “Vallex Group”un tərkibindəki “Base Metals” şirkəti ilə bağlı suallar verilib. A.Harutyunyan həmin şirkətlərin 2008-ci ildən sonra fəaliyyət göstərdiyini bildirib. Təqsirləndirilən şəxs deyib: “Base Metals” şirkəti dağ-mədən sahəsində fəaliyyət göstərirdi. Onların fəaliyyəti əsasən “Drombon” (Heyvalı – red.) qızıl yatağının istismarı ilə bağlı 2008–2013-cü illəri əhatə edirdi”.

“Base Metals”ın Azərbaycanın işğal altındakı ərazilərində fəaliyyət göstərən ən böyük şirkət olduğunu söyləyən təqsirləndirilən şəxs əlavə edib: “Təxminən 1500 işçisi var idi. Şirkət tərəfindən 25-30 milyon dollar vergi ödənilmişdi. Şirkətin direktoru Artur Mkrtumyan, sahibi isə Valeriy Mejlumyan idi”.

A.Harutunyan Zəngilan rayonundakı Vejnəli qızıl yatağına “Zolotoya Zvezda” şirkətinin 30 milyon dollardan çox investisiya yatırdığını, lakin layihənin uğursuz olduğunu söyləyib.

Təqsirləndirilən şəxs “Karabax Telekom”la bağlı suallara cavabda şirkətin sahibinin Livan vətəndaşı olduğunu, şirkətin 2001-2002-ci illərdən 2023-cü ilədək fəaliyyət göstərdiyini, 2008-ci ildən hər il orta hesabla 4-5 milyon dollar vergi ödədiyini deyib. Onun sözlərinə görə, bu şirkət qondarma rejimin ikinci ən böyük vergi ödəyicisi olub.

Məhkəmənin davamında A.Harutyunanın qondarma rejimin “rəhbəri” olduğu vaxtla bağlı sənədlər tədqiq edilib, ona bu istiqamətdə suallar ünvanlanıb. Sənədlərin birində o, 2020-ci ildə baş vermiş müharibə zamanı Azərbaycan tanklarını yararsız vəziyyətə gətirmiş hərbçiləri “təltif etdiyini” iddia edib.

Digər sənədə əsasən, A.Harutyunyan onun tapşırığı ilə Gəncə şəhərinə zərbələr endirildiyini söyləyir.

Prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs Gəncə şəhərinin bombalanması barədə əmr vermədiyini bildirib: “Elə bir səlahiyyətim olmayıb”.

O, xatırladıb ki, qondarma rejimin “ordusu” Ermənistan Respublikası silahlı qüvvələrinin silahlı birləşməsidir: “Müstəqil hərəkət etmək səlahiyyəti olmayıb. Həmin birləşmənin bizə tabe olmaq, bizim təlimatları həyata keçirmək hüququ yox idi”.

A.Harutyunyan, ümumiyyətlə, qondarma rejimin “ordusu”nun arsenalında dağıdıcı silahların (“Smerç”, Toçka U” və sair – red.) olmadığını da deyib: “Hansı bölmələrin və konkret kimin əli ilə həyata keçirilməsi barədə məlumatım olmayıb. Neft kəmərlərinin bombalanması haqqında isə mən burada eşitmişəm”.

Məhkəmədə “Azərbaycan Hava Yolları” QSC-dən və digər əlaqədar qurumlardan daxil olmuş, təyyarələrin uçuşuna maneə törədilməsinə, habelə Xankəndidə və Xocalıda içərisində siqnalları qarışdırmaq üçün avadanlıq, PUA-ların siqnallarının vurulması sistemi və s. olan avtomobillərin aşkarlanması, onların ekspertizadan keçirilməsinə dair protokollar tədqiq edilib.

Baş prokurorluğun dövlət ittihamçısı Vüsal Abdullayev A.Harutyunyana Azərbaycanın öz ərazilərini işğaldan azad etdikdən sonra həmin torpaqlarda tikinti-quruculuq işləri zamanı kütləvi məzarlıqların aşkarlanmasını xatırladıb və ona bu istiqamətdə suallar ünvanlayıb.

O isə işğal dövründə Ermənistan və qondarma rejim tərəfindən həyata keçirilən tikinti işləri zamanı kütləvi məzarlıqların aşkarlanmamasının səbəbini belə “izah” edib: “Bizim gördüyümüz bütün quruculuq işləri Azərbaycanın indi etdiyinin bir neçə faizini təşkil edib. Ona görə tapmamışıq…”

Təqsirləndirilən şəxs 44 günlük müharibə dövründə Ermənistanın baş nazirinin müavinlərinin, nazirlərinin, deputatlarının həmin vaxt Azərbaycanın işğal altında olan ərazilərinə gəldiyini təsdiqləyib və onlardan bir neçəsinin adını çəkib. Bildirib ki bu şəxslər Ararat Mirzoyan, Suren Papikyan (Ermənistanın indiki müdafiə naziri – red.) və digərləridir.

Məhkəmə prosesi iyunun 30-da davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.