Süni intellekt sahəsində qabaqcıl olan "OpenAI" şirkəti, "ChatGPT" istifadəçilərinin təhlükəsizliyini və əqli sağlamlığını qorumaq məqsədilə "Etibarlı Əlaqə" (Trusted Contact) adlı yeni funksiyanı elan edib. Bu sistem, böhran anlarında istifadəçiləri real dünyadakı dəstək şəbəkələri ilə əlaqələndirmək üçün nəzərdə tutulub.
Tvit.az xəbər verir ki, yeni xüsusiyyət könüllülük prinsipi əsasında işləyir və yalnız 18 yaşdan yuxarı istifadəçilər üçün əlçatandır. Sistem istifadəçinin özünə zərər vermə və ya intihar kimi ciddi riskli mövzuları müzakirə etdiyini aşkar edərsə, əvvəlcədən təyin edilmiş yaxın şəxsə bildiriş göndərə bilər.
“Bu funksiya peşəkar tibbi yardımı əvəz etmir, lakin çətin anlarda istifadəçinin etibar etdiyi şəxslərlə əlaqə qurmasına kömək edən əlavə bir dəstək təbəqəsidir. Sistem tamamilə avtomatlaşdırılmayıb, hər bir potensial təhlükə bildirişi göndərilməzdən əvvəl xüsusi təlim keçmiş mütəxəssislər tərəfindən bir saat ərzində nəzərdən keçirilir”, - deyə "OpenAI" rəsmiləri bildirib.
Məlumata görə, "Etibarlı Şəxs" kimi əlavə olunan şəxsə heç bir çat tarixçəsi və ya gizli məlumat göndərilmir, yalnız ümumi xəbərdarlıq edilir. İstifadəçilər bu xüsusiyyəti hesab parametrləri bölməsindən aktivləşdirə, istədikləri zaman təyin olunmuş şəxsi dəyişdirə və ya tamamilə silə bilərlər. Hazırda bu funksiyanın qlobal miqyasda bütün yetkin istifadəçilər üçün mərhələli şəkildə tətbiqinə başlanılıb.
Aysel Şirinova