Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar ilk oxunuşda qəbul edilib
sosial

Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar ilk oxunuşda qəbul edilib

17-03-2026 13:00 16 Просмотров
IMG

Milli Məclis süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağaları, cərimə və cəzaları ilk oxunuşda qəbul edib.

 

Tvit.az xəbər verir ki, bununla bağlı Cinayət və Cinayət-Prosessual Məcəllələrinə, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Media haqqında" qanunlara dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

 

Layihəyə əsasən, şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materiallar hazırlama və ya həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayma 3 min manatdan 7 min manatadək cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər, habelə 3 ilədək azadlığın məhdudlaşdırılması, eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

 

Sənədə əsasən, eyni əməllər bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, iki və ya daha çox şəxsə qarşı törədildikdə, şəxsin şərəf və ləyaqətini ləkələmək və ya onu nüfuzdan salmaq məqsədilə törədildikdə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə - 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Bundan başqa, şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialları hazırlama və ya həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya telekommunikasiya şəbəkələrində yaymanın 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılması təklif edilir.

 

Qeyd edilib ki, süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və ya audio materiallar kütləvi nümayiş etdirildikdə belə texnologiyalardan istifadə edilməklə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlanma ilə təmin edilməlidir.

 

Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.