Azərbaycanın Yekaterinburqdakı (Rusiya) Baş Konsulluğunda Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri və fotosərgi keçirilib.
Tvit.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Rusiyadakı səfirliyi sosial şəbəkədə yayıb.
Matəm əlaməti olaraq diplomatik nümayəndəliyin binası qarşısındakı Azərbaycan dövlət bayrağı endirilib.
Azərbaycan diasporunun nümayəndələri, gənclər, eləcə də Baş Konsulluğun əməkdaşlarının iştirak etdiyi tədbir həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Mərasim iştirakçıları şəhidlərin fotoları önünə gül dəstələri düzüb və konsulluq tərəfindən hazırlanmış "Xocalıya ədalət" adlı məlumat broşürləri ilə tanış olublar.
Baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev və digər spikerlər öz nitqlərində Xocalı hadisələrini 20-ci əsrin sonlarının ən faciəvi cinayətlərindən biri kimi xarakterizə edib və faciəyə beynəlxalq səviyyədə hərtərəfli siyasi-hüquqi qiymət veriləcəyinə əminliklərini ifadə ediblər.
Həmçinin faciənin 34-cü ildönümü münasibətilə Azərbaycanın Dini Konfessiyaların Məşvərət Şurasının bəyanatı oxunub.
Anım tədbiri Vaqif Mustafazadənin Xocalı hadisələrinə həsr olunmuş "Dərdimi çəkirəm" sənədli filminin nümayişi ilə başa çatıb.