Alimlərin apardığı son araşdırmalar şimpanzelərin hava şəraitini öncədən təxmin etmək qabiliyyətinə malik olduğunu ortaya qoyub.
Tvit.az xəbər verir ki, "Current Biology" jurnalında dərc olunan tədqiqat nəticələrinə görə, bu primatlar dəyişən hava şəraitini qabaqcadan hiss edərək yuvalarını instinktiv şəkildə planlaşdırırlar.
Tədqiqatçılar Ruandanın Nyungwe Milli Parkında, çətin iqlim şəraitində yaşayan 67 şimpanzeni müşahidə ediblər. Alimlər meymunların hər axşam qurduğu yuva strukturlarını ertəsi günün hava göstəriciləri ilə müqayisəli şəkildə təhlil ediblər.
Müşahidələr göstərir ki, şimpanzelər yuva seçərkən təsadüfə yer qoymurlar. Soyuq və yağışlı gecələrdə bədən istiliyini qorumaq üçün daha qalın və dərin yuvalar qururlar. Küləkli havalarda isti mikroiqlimi olan nöqtələrə üstünlük verirlər. Yağış gözlənildikdə fırtınadan qorunmaq üçün daha sıx yarpaqlı və hündür ağacları seçirlər.
Ən diqqətçəkən məqam isə şimpanzelərin hava dəyişməsini gözləmədən hərəkətə keçmələridir. Onlar yuva quracaqları yeri axşamdan, hələ hava pisləşməmişdən qabaq seçirlər. Tədqiqatçılar bu davranışın qismən cari hava ilə gecə havası arasındakı təbii əlaqədən qaynaqlana biləcəyini, lakin heyvanların gələcək yağışlara qarşı göstərdiyi bu reaksiyanın birbaşa strateji hazırlıq xarakteri daşıdığını bildirirlər.
Aysel Şirinova