Fransa Liqa 1-in XXX turunda səfərdə PSJ-ni məğlub edən (2:1) "Lion"un hücumçuları Endrik və Afonsu Moreyra klubun tarixinə düşüblər.
Tvit.az "Opta"ya istinadən xəbər verir ki, hər iki futbolçu sözügedən qarşılaşmada qol vurmaqla yanaşı, bir-birilərinə məhsuldar ötürmə də ediblər.
Bununla da onlar 2012-ci ildən bəri Liqa 1-də "Lion"un heyətində PSJ-yə qarşı bir matçda həm qol, həm də assist müəllifi olan oyunçuların siyahısına düşüblər.
Daha əvvəl "Lion"un heyətində bu nailiyyətə 2012-ci ildə Mişel Bastos, 2018-ci ildə Nabil Fekir, 2021-ci ilin martında isə Maksvell Korne imza atmışdılar.
Qeyd edək ki, "Lion" 30 oyundan sonra 54 xalla Fransa çempionatının turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.