Bakıda 24 metro stansiyasının tikintisi üçün torpaq sahələri ayrılıb.
Tvit.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.
Qeyd edilib ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində ötən il Bakı metrosuna 30 vaqon gətirilib. Bu vaqonların 20 ədədi istismara verilib, 24 stansiyanın, 3 elektrik deposunun, 16 havalandırma şaxtasının tikintisi üçün zəruri olan torpaq sahələri ayrılıb, metropolitenin enerji sisteminin etibarlılığının artırılması məqsədilə Rusiya Nəqliyyat Universiteti ilə bağlanılmış müqavilə çərçivəsində Qırmızı və Yaşıl xətlərin dartı elektrik şəbəkəsinin diaqnostikası keçirilib, “28 May” stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılması işlərinin inşa ediləcək iki müvəqqəti şaxtadan istifadə etməklə yerinə yetirilməsi layihələndirilmiş və tikintisi üçün torpaq sahələri ayrılıb, “İçərişəhər” stansiyasında keçid kamerasının tikintisi ilə bağlı aparılmış geoloji kəşfiyyat işlərinin hesabatına ekspertiza rəyi alınmış və yeraltı kommunikasiya xətlərinin köçürülməsi işlərinə başlanılıb.