Yaponiyada din xadimi çatışmazlığına qeyri-adi yanaşma tətbiq edilib.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, ölkədə hər il azalan ruhani kadr problemini aradan qaldırmaq üçün süni intellektlə təchiz olunmuş robot rahiblər fəaliyyətə başlayıb.
Texnologiya ilə mənəviyyatın kəsişdiyi bu layihə Kyoto Universiteti alimləri tərəfindən həyata keçirilib. Buddist müqəddəs mətnləri əsasında öyrədilmiş insansı robot rahib “Buddharoid” ictimaiyyətə təqdim olunub.
Məbəddə keçirilən təqdimat mərasimində robot dua pozaları nümayiş etdirib, iştirakçıların suallarını cavablandırıb və davranışı ilə ənənəvi ruhani lider obrazını canlandırıb.
Layihəyə universitetin İnsanlığın Gələcəyi İnstitutundan professor Seiji Kumagai rəhbərlik edir. Robotun əsasını OpenAI tərəfindən hazırlanmış ChatGPT modeli əsasında inkişaf etdirilən “BuddhaBot-Plus” süni intellekt sistemi təşkil edir.
“Buddharoid” kommersiya məqsədli insansı robot platforması olan Unitree G1 üzərində qurulub. Qurğu danışmaq, əl hərəkətləri etmək, əyilərək salam vermək və ənənəvi dua jestlərini icra etmək qabiliyyətinə malikdir.
Aysel Şirinova