ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə avqustun 15-də Alyaskanın Ankoric şəhərində təkbətək görüşəcək. Görüşün əsas predmetinin Rusiya - Ukrayna münaqişəsi olacağı bildirilib.
Mövzu ilə bağlı Tvit.az-a danışan Milli Məclisin deoutatı Ceyhun Məmmədov bildirib ki, prosesləri öncədən proqnozlaşdırmaq çətindir, çünki məsələnin mahiyyəti ondan ibarətdir ki, Rusiya əldə etdiyi əraziləri qaytarmaq istəmir. Ukrayna da razı deyil ki, torpaqlar Rusiyada qalsın. Görünən odur ki, Tramp Ukraynadan güzəşt tələb edəcək:
"Bu güzəşt əsasında da proses normallaşmaya doğru getsin. Məsələ ondadır ki, bununla nə Rusiya razıdır, nə də Ukrayna bu torpaqlarından Rusiyaya verilməsindən razıdır. Biz ona görə də, bu danışıqlardan ciddi nəticə gözləyə bilmirik".
Deputat liderlərin görüşündə Zəngəzur dəhlizi ilə bağlı da müzakirələr gedə biləcəyini deyib: "Rusiya tərəfinin son açıqlamaları bunu deməyə əsas verir. ABŞ ilə Rusiyanın münasibətlərinin normallaşması bizim regionumuz üçün də önəmlidir. Münasibətlərin normallaşması proseslərə töhfə verəcək, hər hansı gərginləşmə isə regionumuzdakı proseslərə də öz mənfi təsirini ciddi şəkildə göstərəcək", - deyə Ceyhun Məmmədov əlavə edib.