"Apple" şirkətinin ötən ilin sentyabrında təqdim etdiyi iPhone 17 seriyasının, xüsusilə standart modelin istehsal dövrünün əvvəlki nəsillərlə müqayisədə daha uzun çəkəcəyi iddia edilir. 2026-cı ilin ilk rübündə dünyanın ən çox satılan telefonu olan bu model, bazardakı mövqeyini qorumağa davam edir.
Tvit.az xəbər verir ki, "Fixed Focus Digital"ın yaydığı məlumatlara görə, "Apple" adətən payız aylarında köhnə modellərin istehsalını azaltsa da, bu il strategiyasını dəyişə bilər. Şirkətin "Qara Cümə" alış-veriş dövrü üçün ehtiyatları 2026-cı ilin noyabr ayına qədər artırdığı bildirilir.
“Apple-ın bu qərarı payızda keçiriləcək tədbirdə gözlənilən böyük dəyişikliklərlə bağlıdır. Şayiələr doğrudursa, bu il standart iPhone modeli təqdim olunmayacaq, yalnız iPhone 18 Pro və yeni qatlanan iPhone nümayiş etdiriləcək. Standart iPhone 18-in isə 2027-ci ilin əvvəlində təqdim edilməsi gözlənilir”, - deyə insayderlər qeyd edib.
Məlumata görə, 120Hz ProMotion ekranı və A19 prosessoru ilə böyük uğur qazanan iPhone 17-nin istehsalının davam etdirilməsi, yeni nəsil standart model gələnə qədər bazardakı tələbatı qarşılamaq məqsədi daşıyır. Lakin rəsmi təsdiq olmadığı üçün bu məlumatların hələlik iddia səviyyəsində qaldığı vurğulanır.
Aysel Şirinova