Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Nikol Paşinyan: "Ermənistan və Azərbaycan arasında sülhün hüquqi əsası var"
siyasət

Nikol Paşinyan: "Ermənistan və Azərbaycan arasında sülhün hüquqi əsası var"

05-05-2026 14:00 21 Baxış
IMG

"Azərbaycan və Ermənistan arasındakı sülh prosesi artıq məcburi hüquqi qüvvəyə malik sənədlərlə tənzimlənir".

 

Tvit.az TASS-a istinadla xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurasının rəhbəri Antoniu Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə keçirilən ortaq mətbuat konfransında səsləndirib.

 

Baş nazir qeyd edib ki, hazırda iki ölkə arasında mövcud olan sülhün hüquqi zəminə malik olmaması ilə bağlı fikirlər həqiqəti əks etdirmir. Onun sözlərinə görə, 2024-cü ildə tərəflər sərhədlərin delimitasiyası üzrə komissiyaların fəaliyyət qaydalarını imzalayaraq təsdiq ediblər. Bu sənəd dövlətlərarası səviyyədə qəbul edilmiş və hər iki respublika üçün icrası məcburi olan ilk müqavilə hesab olunur.

 

N.Paşinyan, həmçinin xatırladıb ki, Bakı və İrəvan təxminən 40 il ərzində gərginlik şəraitində mövcud olublar, buna görə də dərhal tam sülh mərhələsinə qədəm qoymaq çətindir.

 

"Həm Azərbaycanda, həm də Ermənistanda münaqişə dövründən qalma ritorikalara hələ də rast gəlinir. Lakin anlamaq lazımdır ki, bu, tədricən irəliləyən və qaçılmaz bir prosesdir", - deyə hökumət rəhbəri əlavə edib.

 

Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan münasibətlərin sülh yolu ilə nizamlanması və Naxçıvanla Azərbaycanın digər hissələri arasında nəqliyyat əlaqələrinin yaradılması haqqında birgə bəyannamə imzalayıblar.


Bu layihə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) adlanır.