Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Bakıda 11 il əvvəl törədilmiş qətlin təfərrüatı
hadisə

Bakıda 11 il əvvəl törədilmiş qətlin təfərrüatı

16-04-2026 23:00 20 Baxış
IMG

Bakıda 11 il əvvəl evinə oğurluğa getdiyi şəxsi bıçaqlayaraq, onun ölümünə səbəb olmaqda təqsirləndirilən Hüseyn Cəfərovun cinayət işinin bəzi detalları məlum olub. 

 

"Tvit.az" xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, istintaqla müəyyən edilib ki, Hüseyn Cəfərov dostu Özal Orduxanlı ilə birlikdə Əhməd Əhmədovun evindən maddi ehtiyacları ödəmək üçün telefon qurğuları oğurlayıb sataraq maddi qazanc əldə edəcəkləri barədə razılaşıblar. 

 

Onlar birlikdə 19 noyabr 2014-cü il tarixdə saat 19 radələrində Əhməd Əhmədovun yaşadığı ünvanın qarşısına gəlib tikilməkdə olan hasarın üzərinə çəkilmiş çadırı kənara çəkərək həyətə baxış keçiriblər. 

 

Onlar evdə heç kimin olmadığına əmin olduqdan sonra, planlaşdırdıqları oğurluğu etmək üçün qaraja daxil olub içərisində axtarış aparıblar. 

 

Lakin onlar heç bir telefon qurğusu və elektronik əşya olmadığını müəyyən etdikdən sonra, ərazidən uzaqlaşmaq

istəyiblər. 

 

Bu vaxt səs eşidilib və onlar ifşa olunmamaq üçün qaçmağa başlayıblar. Qonşuluqda yaşayan Namiq Hənifəyev hadisə yerindən qaçan Özal Orduxanlının arxasınca qaçır.

 

Daha sonra Hüseyn Cəfərov Namiq Hənifəyevlə rastlaşır və onun bədəninin müxtəlif nahiyələrinə bıçaq zərbələri endirib. 

 

Namiq xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

 

Bununla da, Hüseyn Cəfərova qarşı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. 

 

Qeyd edək ki, məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə araşdırılır.