Xərçəng xəstələrinin oruc tutması yalnız fərdi yanaşma ilə mümkündür. Aktiv kimyaterapiya və ya radioterapiya alan, çəki itirən, iştahasız və halsız xəstədə uzun saatlar ac və susuz qalmaq məqsədəuyğun deyil. Müalicə bitdikdən sonra, xəstənin analizləri normal, ümumi vəziyyət sabitdirsə, həkim nəzarəti ilə oruc tutmaq olar.
Bu fikirləri Tvit.az-a açıqlamasında xərçəng xəstələrinin qidalanma mütəxəssisi, onkodietoloq Aysel Abdullayeva danışıb.
Onun sözlərinə görə, onkoloji xəstələrdə diaqnoz olsa da, xəstələrin orqanizmi və ümumi vəziyyəti tam fərqli olur. Sağalma dövründə həkim nəzarəti ilə və düzgün qidalanma planı ilə oruc əksər hallarda risk yaratmır. Burada əsas şərt bədənin zəifləməməsi və əzələ kütləsinin qorunmasıdır.

"Aktiv müalicə dövründə oruc tutmaqla risk yarana bilər. Susuzlaşma, təzyiq enməsi, qan şəkərinin düşməsi, elektrolit balansının pozulması kimi hallar realdır. Ağır anemiya, böyrək problemi və ya nəzarətsiz diabet olduqda risk daha da artır. Onsuz da zəifləmiş xəstədə əzələ kütləsinin azalması sonradan daha ciddi metabolik problemlərə səbəb ola bilər. Uzun müddət ac qaldıqda autofagiya prosesi baş verir. Autofagiya hüceyrələrin təmizlənməsi və yenilənməsini təmin edən təbii mexanizmdir. Amma xərçəng xəstələrində bunun faydalı və təhlükəsiz olub-olmaması hələ sübut olunmayıb, buna görə bu proses nəzəri olaraq işləsə də, xəstələr üçün ehtiyatla yanaşmaq lazımdır.
Sağalma mərhələsində olan xəstələrdə isə vəziyyət yenə fərdi qiymətləndirilir. Klinik göstəricilər stabildirsə və ciddi zəiflik yoxdursa, nəzarətli şəkildə oruc təhlükəli hesab olunmur", - deyə onkodietoloq bildirib.
Aysel Şirinova,
Tvit.az