Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə “Dəfnə hazırlaşanda uşaq nəfəs almağa başladı, həkimlər müdaxilə edə bilmədi”
hadisə

“Dəfnə hazırlaşanda uşaq nəfəs almağa başladı, həkimlər müdaxilə edə bilmədi”

02-01-2026 17:00 20 Baxış
IMG

Bakıda xəstəxanalardan birində öldüyü deyilən körpənin dəfn üçün Ağcabədiyə aparılarkən sağ olduğu müəyyənləşib.

Tvit.az qafqazinfoya istinadla xəbər verir ki, hadisə rayonunun Yeni Qaradolaq kəndində qeydə alınıb.

Belə ki, 9 aylıq kənd sakini Elif Pərviz qızı İsgəndərli bir müddət Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında müalicə alıb. Lakin onun vəziyyəti ağırlaşdığı üçün Bakıda yerləşən özəl xəstəxanalardan birinə göndərilib.

Aparılan tibbi müdaxilələrə baxmayaraq, körpənin xəstəxanada vəfat etdiyi bildirilib. Bundan sonra ailə üzvləri Elifin cənazəsini dəfn etmək məqsədilə doğulduğu Yeni Qaradolaq kəndinə gətiriblər.

Dəfn üçün hazırlıq işləri görülən zaman körpədə həyat əlamətləri müşahidə olunub və o, ayılıb. Təxminən 3 saat yaşadığı bildirilən körpə daha sonra yenidən vəfat edib.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

E.İsgəndərlinin atası Pərviz İsgəndərli Oxu.az-a faktı təsdiqləyib: “Qızım Elifin evdə hərarəti yüksəldi və təngnəfəs oldu. Uşağı təcili Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırdıq, orada süni nəfəs aparatına qoşuldu. Bundan sonra vəziyyəti stabilləşdi. Amma gecə saat 02:00-da hava balonunda oksigen bitdiyi üçün uşaq aparatdan ayrılıb. Xəstəxana hava balonu tapmadı və oksigen olmadığından övladımın ağ ciyərində problem yarandı. Nəticədə körpənin mədəaltı vəzi sıradan çıxdı, şəkəri yüksəldi və o, komatoz vəziyyətə düşdü”.

P.İsgəndərli bildirib ki, həkimlərin məsuliyyətsizliyindən körpəyə baxış keçirilməyib: “Həkimlər körpəni atama təhvil verib, xəstəxanadan çıxarıblar. Atam da təcili olaraq körpəni Bakıya - K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna çatdırıb. Burada məlum olub ki, uşaq komadadır və beyni sıradan çıxıb. 7 gün burada koma vəziyyətində müalicə alsa da, uşağın səhhətində irəliləyiş olmadı. Həkimlər bildirdilər ki, körpənin bütün orqanları sıradan çıxıb. Daha sonra qızımı özəl xəstəxanaya yerləşdirdik. Amma bu xəstəxananın həkimləri də bildirdilər ki, uşağın yaşaması mümkün deyil.

Uşağı süni tənəffüs aparatına qoşulmuş vəziyyətdə Bərdəyə gətirdik ki, evə qədər yaşasın. Bərdədə uşağı aparatdan ayırdılar və o, dünyasını dəyişdi. Uşağı evimizə, Ağcabədi rayonunun Qaradolaq kəndinə gətirdik. Dəfn mərasiminə hazırlaşarkən uşaq nəfəs almağa başladı, evə qaldırdıq. Evdə yenidən nəfəs darlığı başladı. Təcili tibbi yardım çağırsaq da, həkimlər heç bir müdaxilə edə bilmədi. Uşaqda hərarət yüksəldi və rəhmətə getdi.

Mənim uşağım Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının həkim və tibb bacılarının məsuliyyətsizliyinin qurbanı olub. Məsələ ilə bağlı bütün aidiyyəti qurumlara məlumat vermişik”.