Son zamanlar Azərbaycanda unun qiymətləri artıb və bu da yaxın gələcəkdə çörəyin qiymətlərinin artması ilə bağlı fərziyyələrə səbəb olub.
Tvit.az xəbər verir ki, iqtisadçı, Azərbaycan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli haqqin.az-a açıqlamasında bildirib ki, un çörək istehsalında əsas xammaldır və onun qiymət artımı son məhsulun qiymətinə müəyyən təzyiq göstərir.
"Hazırda bir kisə unun qiyməti cəmi 45-50 qəpik artıb ki, bu da təxminən kiloqram üçün 1 qəpik artım deməkdir. Bu artım özü birbaşa çörək qiymətlərinin artımını göstərmir. Çörəyin qiyməti yalnız unun qiymətini deyil, həm də elektrik enerjisi və işıq xərclərini, əmək xərclərini, logistikanı və satış xərclərini nəzərə alır. Bütün bu komponentlər ümumi qiymətə təsir göstərir. Əgər bu inqrediyentlərdən birinin - unun qiymətinin kiloqram üçün 1 qəpik artmasından danışırıqsa, bu, çörəyin qiymətinə birbaşa təsir göstərməyəcək", - deyə Nəsirli qeyd edib.
Eyni zamanda, iqtisadçı vurğulayıb ki, digər komponentlərin qiyməti də artarsa, gələcəkdə çörək qiymətlərində artım qaçılmaz olacaq.