FIFA Şurası 2026-cı il dünya çempionatı iştirakçılarına rekord məbləğdə - 727 milyon dollar mükafat ödənişini təsdiqləyib.
Tvit.az xəbər verir ki, bu barədə FIFA-nın Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, qarşıdan gələn turnirin mükafat fondu 2022-ci ildə Qətərdə keçirilən yarışın mükafat fondundan 50% çox olacaq.
Mükafat çempionatda iştirak edən hər bir komandaya veriləcək. Turnirin qalibi 50 milyon dollar, gümüş medalçı 33 milyon dollar, üçüncü yeri tutan komanda isə 29 milyon dollar qazanacaq. 33-cü yerdən 48-ci yerə qədər olan komandaların hər biri 9 milyon dollar alacaq.
Həmçinin mükafatdan əlavə, hər bir seçmə komanda təlim xərclərini qarşılamaq üçün 1.5 milyon dollar vəsait əldə edəcək.
Xatırladaq ki, 2026-cı il dünya çempionatında ilk dəfə 48 komanda iştirak edəcək. Turnir 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.